Füzulidə şəhid Vüsal Sadıqovun xatirəsi anılıb
Füzuli, 31 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsinin şəhidi Vüsal Sadıqovun anım günündə məzarı ziyarət olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin anım günündə Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, döyüş yoldaşları, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
Sadıqov Vüsal İsmayıl oğlu 1990-cı ildə Füzuli rayonunun Əhmədbəyli kəndində anadan olub. Hələ yeniyetmə çağlarından hərbçi olmaq istəyən Vüsal həqiqi hərbi xidmətə ruh yüksəkliyi ilə yollanıb, daha sonra müddətdən artıq hərbi qulluqçu olaraq Vətənin keşiyində dayanıb. 2016-cı il Aprel döyüşlərinin də iştirakçısı olan Vüsal şücaəti ilə seçilib və fəxri fərmanlarla təltif edilib. Vətən müharibəsi zamanı oktyabrın 31-də Füzuli rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Vüsal Sadıqov ölümündən sonra “Vətən uğrunda”, "Hərbi xidmətlərdə fərqlənməyə görə", “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.