İQTİSADİYYAT
Gələcəkdə uçuşlar daha təhlükəsiz olacaqdır
Bakı, 7 avqust (AZƏRTAC). Hava səyahətçilərinin əksəriyyəti üçün burulğan ciddi təşviş doğurmur, amma o, hava gəmisini zədələdiyinə görə aviasiya şirkətlərinə ildə yüz milyonlarla dollar ziyan vurur. Burulğanın müxtəlif tipləri vardır, onların arasında ən təhlükəlisi təmiz səma burulğanıdır (TSB).
Bu burulğan tipini aşkara çıxarmağa imkan verən və pilotların daha rahat marşrut seçməsinə kömək göstərən yeni texnologiya hazırda “DELICAT” adlı birgə Avropa layihəsi çərçivəsində sınaqdan keçirilir.
TSB bulud və onun vizual görüntüsü olmadıqda baş verir. Adətən təqribən 7000-12000 metr yüksəklikdə baş verən TSB müxtəlif sürətlə hərəkət edən hava axınları bir-biri ilə toqquşduqda yaranır.
Onun meydana çıxması təhlükəsini minimuma endirmək üçün Atmosfer Fizikası İnstitutunun alimləri və onların “DELICAT” layihəsi üzrə ortaqları bütün Avropa reyslərində lazer ölçü qurğusunu sınaqdan keçirirlər. Atmosfer Fizikası İnstitutunun tədqiqatçıları tərəfindən işlənib hazırlanmış qurğu uçuş istiqamətində marşrutu qısadalğalı ultrabənövşəyi lazerlə şüalandırır. Oksigen və azot molekulundan alınan siqnalın ölçülməsi yolu ilə qurğu havanın sıxlığındakı dəyişiklikləri aşkara çıxara bilər və TSB-nin yaranmasının qarşısını qabaqcadan alar.
Elmi-tədqiqat qrupu ümid edir ki, onların işi aşkarlama sisteminin inkişafına və onun təyyarəyə qoşulması TSB barədə pilotların vaxtında xəbərdar edilməsinə, onların burulğandan yan keçməsinə, yaxud ən azından sərnişinlərin təhlükəsizlik kəmərlərini bağlaması üçün vaxt qazanmasına gətirib çıxaracaqdır.