Gənc geoloq Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə Rusiyada tədqiqat aparıb
Bakı, 19 dekabr, AZƏRTAC
AMEA Geologiya və Geofizika İnstitutunun (GGİ) “Palçıq vulkanizmi” şöbəsinin elmi işçisi, dissertant Elnur Baloğlanov Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun 8-ci “Mobillik qrantı” müsabiqəsi çərçivəsində qalib olmuş “Palçıq vulkanlarının geoloji-geokimyəvi modelləşdirilməsi və güclü püskürmələrin ehtimal proqnozu” qrant layihəsinin icrası ilə bağlı Rusiya Elmlər Akademiyası Uzaq Şərq Bölməsinin Dəniz Geologiyası və Geofizikası İnstitutunda təcrübə keçib.
GGİ-dən AZƏRTAC-a bildirilib ki, biraylıq təcrübə zamanı gənc mütəxəssis sistemli şəkildə palçıq vulkanlarında aparılan rejim-müşahidə işləri nəticəsində qazhidrogeokimyəvi göstəricilərin monitorinqi ilə vulkanik ərazilərdə uzun zaman müddətində baş verən kiçik maqnitudalı zəlzələlərlə həmin göstəricilərin anomal dəyişməsi üçün qanunauyğunluqlar təklif edib. Həmçinin palçıq vulkanlarının geokimyəvi tədqiqatları ilə sopka suyunun və brekçiyasının kimyəvi tərkibinə görə müxtəlif regionlar üzrə vulkanların fəaliyyət məhsullarının geokimyəvi xüsusiyyətlərinin fərqlilik variyasiyaları əsaslandırılıb. Azərbaycanda baş vermiş palçıq vulkanlarının püskürmələri və zəlzələlər xronoloji təhlil olunaraq müxtəlif zamanda baş vermiş püskürmələrin məhz zəlzələlərin “tətik” mexanizmi nəticəsində başvermə ehtimalı təklif edilmiş model ilə dəqiqləşdirilib.