Gənc güləşçilərimiz Avropa çempionatında uğurla iştirak ediblər
Buxarest, 23 iyun, AZƏRTAC
Buxarestdə keçirilən güləş üzrə gənclər arasında Avropa çempionatında yığma komandamızın üzvləri 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.
Güləşçilərimizdən Nofəl Babayev (55 kq), Mikayıl Rəhmanov (60 kq) və İslam Abbasov (84 kq) qızıl medal qazanıblar. Azər Nəsibli (50 kq) gümüş, Sənan Süleymanov (66 kq) isə bürünc medala yiyələnib.
Bu nəticə ilə yığmamız 48 xal toplayaraq çempionatı komanda hesabında üçüncü pillədə tamamlayıb. 62 xal toplayan Gürcüstan birinci, 50 xal toplayan Rusiya isə ikinci olub.
Xatırladaq ki, ötən il analoji yarışda da yunan-roma güləşçilərimiz 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmışdılar.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest