CƏMİYYƏT
Gənc tədqiqatçılar üçün “Virtual educator” proqramına start verilib

Bakı, 20 oktyabr, AZƏRTAC
“Texnologiya və innovasiya” üzrə işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun və ABŞ səfirliyinin birgə təşkilatçılığı ilə “Virtual educator” proqramına start verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Virtual educator” proqramı çərçivəsində gənc tədqiqatçılara xarici dil bilikləri, analitik təhlil və tədqiqat bacarıqları mövzuları tədris olunacaq. Proqram çərçivəsində baş tutan tədris yüksəkixtisaslı əcnəbi müəllim tərəfindən həyata keçiriləcək.
Proqramda doxsan gənc doktorantın iştirakı nəzərdə tutulur. Təlimlərin, həmçinin 2023-cü ildə də davam etdiriləcəyi planlaşdırılır.
Həmin proqram Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın sədri tərəfindən bu il martın 16-da təsdiq edilən “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol Xəritəsi”nin icrası çərçivəsində təşkil olunur (https://azranking.az/action-plans).
Qeyd edək ki, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun rəhbəri qismində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi çıxış edir.