Peşəkar boksçunun maraqlı hobbisi FOTO VİDEO
Biləsuvar, 3 iyun, İlkin Adıyev, AZƏRTAC
Biləsuvar rayon sakini Rafiq Muradovun maraqlı hobbisi var. O, həyətində müxtəlif növ ekzotik quşların saxlanılması və artırılması ilə məşğuldur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, uzun illər peşəkar boksçu olan Rafiq Muradov bu hobbisini artıq biznesə çevirib.
Rafiq Muradov yeddi il əvvəl bir cüt tovuzquşu əldə edib. Sonra bu ekzotik quşların sayını çoxaldıb. Hazırda onun həyətində, təxminən 100 kvadratmetr ərazini əhatə edən mini-zooparkında adı “Qırmızı kitab”a düşən quşlar da mövcuddur.
“Yeddi ildir bu quşların saxlanılması və çoxaldılması ilə məşğulam. Uşaqlıqdan nadir flora və fauna nümunələri hər zaman diqqətimi çəkib. Vəhşi təbiətdə olan ekzotik quşları əldə etmək, artırmaq, onlara düzgün qulluq etmək çox çətindir. Quşlara qulluq zamanı hər növün özünəməxsus xüsusiyyətlərini nəzərə almaq, qida sistemini düzgün müəyyənləşdirmək, eləcə də xəstəliklərdən qorumaq lazımdır. Bütün bunlara həm maddi, həm də fiziki cəhətdən hazır olmalısan. Burada olan Yava tovuzquşusunun adı dünyanın bütün ölkələrində “Qırmızı kitab”a düşüb. Əsasən nəsli kəsilməkdə olan Nepal qırqovulu, talış qırqovulu, çil kəklik və digər quşların saxlanılmasına daha çox üstünlük verirəm”, - deyə təsərrüfatçı bildirib.
Onun sözlərinə görə, səhərin erkən saatlarında burada müxtəlif quşların səsini eşidəndə işindən mənəvi zövq alır, sanki özünü ekzotik təbiətin qoynunda hiss edir.
Rafiq Muradov gözəlliyi ilə gözoxşayan bu quşları əvvəllər yalnız hobbi üçün saxlasa da, indi bu məşğuliyyətindən gəlir əldə edir. Sifarişləri isə əsasən sosial şəbəkələrdən olur. Tovuzquşuların qiyməti 1000 manatla, 5000 manat arasında dəyişir. Ekzotik quşun yumurtasının qiyməti isə 10-30 manatdır.
Nadir quşların artımına nail olmuş təsərrüfatçının arzusu isə Qarabağ təbiətini həyətindəki nadir quşlarla daha da zənginləşdirməkdir.