CƏMİYYƏT
“Gənc xilasedici və yanğınsöndürən” yarışlarına yekun vurulmuşdur
Bakı, 24 dekabr (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı, Gənclər və İdman, Təhsil nazirliklərinin dəstəyi ilə noyabr ayından başlanmış “Gənc xilasedici və yanğınsöndürən” yarışları başa çatmışdır.
FHN-dən AZƏRTAC-a bildirmişlər ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin bazasında keçirilən yarışda Bakının 11 rayonu üzrə 75 məktəbin şagirdləri qüvvə və bacarıqlarını nümayiş etdirmişlər.
“Gənc xilasedici və yanğınsöndürən” yarışının keçirilməsində əsas məqsəd yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsini və fövqəladə hallara hazırlıq səviyyəsini yüksəltmək, məktəblərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissini artırmaqdır.
Yarış dörd mərhələdə - “Kombinəedilmiş yanğın estafeti”, “Gənc ekspert”, “Axtarış xilasetmə işi” və “Komandaların təqdimatı” mərhələlərində keçirilmişdir.
Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi rayon Yanğından Mühafizə Hissəsinin akt zalında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qaliblərinin təntənəli mükafatlandırma mərasimi keçirilmişdir.
Mərasimdə çıxış edən fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev məktəbliləri təbrik etmiş, qazanılan hər uğurun uşaqlarda qalibiyyət əzmini artırdığını, gələcək yarışlar üçün stimul olduğunu vurğulamışdır.
Digər çıxış edənlər də qalib komandalara təbriklərini çatdırmışlar. Finala vəsiqə qazanmış bütün komandalar FHN-in fəxri fərmanları, eləcə də hədiyyələrlə təltif olunmuşlar.
Yarışlarda birinci yeri Bakı Slavyan Universitetinin məktəb-lisey kompleksinin, ikinci yeri Suraxanı rayonundakı 104 saylı, üçüncü yeri isə Yasamal rayonundakı 158 saylı məktəblərin komandaları tutmuşlar.
Qaliblər Fövqəladə Hallar, Gənclər və İdman nazirliklərinin fəxri fərmanları və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Mərasim məktəblilərin ifasında maraqlı konsert proqramı ilə başa çatmışdır.