Gəncədə aztəminatlı ailələrə ərzaq yardımı aksiyası davam edir
Bakı, 16 aprel, AZƏRTAC
Planetimizin bəlasına çevrilən koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sistemli tədbirlər həyata keçirilir. Ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası (YAP) ilk gündən koronavirusa qarşı mübarizə çərçivəsində görülən işlərə fəal şəkildə qoşulub və aprelin 14-də aztəminatlı ailələrə ərzaq yardımı aksiyasına start verib.
AZƏRTAC xəbər verir ki, hakim partiyanın başlatdığı bütün yardım aksiyalarında fəallıq göstərən YAP Gəncə şəhər təşkilatı dörd gün davam edəcək bu aksiyaya da həvəslə qoşulub. Gəncə şəhərində yaşayan əhalinin həssas təbəqəsinə aid olan ailələrə təşkilatın əməkdaşları və könüllüləri tərəfindən zəruri ərzaq yardımları çatdırılıb.
Qeyd edək ki, YAP Gəncə şəhər təşkilatı bu günədək Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə qayğıya və sosial müdafiəyə ehtiyacı olan 600-ə yaxın aztəminatlı ailəyə ərzaq paylayıb.