Azərbaycanın enerji və tranzit strategiyası Avrasiyanın iqtisadi inteqrasiyasını sürətləndirir - ŞƏRH
Bakı, 4 iyun, AZƏRTAC
Müasir dövrdə enerji təhlükəsizliyi və etibarlı nəqliyyat marşrutları dövlətlərin iqtisadi inkişafını müəyyən edən əsas amillərdən birinə çevrilib. Qlobal geosiyasi proseslər fonunda enerji mənbələrinin və nəqliyyat dəhlizlərinin şaxələndirilməsi məsələsi beynəlxalq gündəliyin prioritet istiqamətlərindən biri kimi ön plana çıxır. Bu baxımdan Azərbaycan həm enerji resurslarının ixracı, həm də Şərqlə Qərb arasında mühüm tranzit mərkəzi kimi xüsusi əhəmiyyət kəsb edir.
Bunu AZƏRTAC-a açıqlamasında türkiyəli iqtisadçı-ekspert Canip Nuray bildirib.
Onun sözlərinə görə, Azərbaycanın son illərdə həyata keçirdiyi məqsədyönlü enerji və nəqliyyat siyasəti ölkəni Avrasiyanın ən mühüm strateji tərəfdaşlarından birinə çevirib.
“Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan irimiqyaslı enerji layihələri qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayır. Xüsusilə Cənub Qaz Dəhlizi dünyanın ən iri enerji layihələrindən biri olmaqla Avropa üçün alternativ və etibarlı enerji mənbəyinin formalaşmasına şərait yaradıb. Azərbaycan uzun illər ərzində enerji sahəsində etibarlı tərəfdaş kimi özünü təsdiqləyib. Bu gün ölkənin təbii qazı Türkiyə və Avropa daxil olmaqla 16 ölkəyə ixrac olunur. Bu göstərici Azərbaycanın beynəlxalq enerji bazarındakı mövqeyinin gücləndiyini və onun qlobal enerji təhlükəsizliyində rolunun artdığını nümayiş etdirir”, – deyə Canip Nuray vurğulayıb.
Onun sözlərinə görə, TANAP və TAP layihələri təkcə enerji infrastrukturunun deyil, həm də regional əməkdaşlığın mühüm sütunları hesab olunur. Bu layihələr vasitəsilə Azərbaycan qazı minlərlə kilometr məsafəni qət edərək Avropa istehlakçılarına çatdırılır və qitənin enerji təchizatının şaxələndirilməsinə töhfə verir.
Ekspert qeyd edib ki, son illər dünyada enerji bazarlarında baş verən dəyişikliklər fonunda Azərbaycanın əhəmiyyəti daha da artıb. Enerji böhranlarının yaşandığı dövrlərdə Azərbaycan öhdəliklərinə sadiq qalaraq tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə mühüm dəstək göstərib. Bu isə ölkənin beynəlxalq etimad kapitalını daha da gücləndirib.
Canip Nuray hesab edir ki, Azərbaycanın strateji üstünlükləri yalnız enerji resursları ilə məhdudlaşmır. Ölkənin əlverişli coğrafi mövqeyi onu Avropa ilə Asiya arasında mühüm nəqliyyat qovşağına çevirib. Xüsusilə Xəzər dənizinin şərq sahillərində yerləşən ölkələr üçün Azərbaycan beynəlxalq bazarlara çıxış baxımından ən etibarlı marşrutlardan biridir.
“Bu gün Qazaxıstan, Türkmənistan və digər Mərkəzi Asiya dövlətləri üçün Azərbaycan üzərindən keçən marşrutlar böyük əhəmiyyət daşıyır. Xəzər dənizi vasitəsilə Azərbaycana daxil olan yüklər buradan həm Türkiyə, həm Avropa, həm də Aralıq dənizi hövzəsinə daşına bilir. Bu imkanlar region ölkələrinin xarici ticarət potensialının genişlənməsinə ciddi töhfə verir”, – deyə ekspert bildirib.
Canip Nuray vurğulayıb ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyətinin genişləndirilməsi, dəmir yolu və avtomobil yolu infrastrukturuna yatırılan investisiyalar Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Xüsusilə Orta Dəhlizin inkişafı nəticəsində Avropa ilə Asiya arasında yükdaşımaların həcmi davamlı şəkildə artır.