Millinin voleybolçusu: İsveçlə oyunun çətin keçəcəyini gözləyirik
Bakı, 4 iyun, AZƏRTAC
Düşünürəm ki, şanslarımız kifayət qədər yüksəkdir. Hər şey planlaşdırdığımız kimi getsə, yaxşı nəticələr əldə edə bilərik.
AZƏRTAC xəbər verir ki, bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova komandanın Avropa Liqasına son hazırlıq prosesi ilə bağlı danışarkən deyib.
O, hazırlıq prosesinin başa çatdığını və komandanın ilk oyuna tam kökləndiyini bildirib: “Artıq hazırlıqlarımız bitib. Sabah ilk oyunumuza çıxacağıq. Rəqibimiz İsveç yığmasıdır və güclü komandadır. Qarşılaşmanın çətin keçəcəyini düşünürəm. Bununla belə, əlimizdən gələni etməyə çalışacağıq və oyuna hazır olduğumuza inanıram. İkinci görüşümüz Estoniya ilə olacaq. Bu rəqib nisbətən daha münasib görünsə də, bütün oyunlara eyni məsuliyyətlə yanaşmalı və maksimum hazırlıqla çıxmalıyıq”.
A.Abduləzimova Avropa Liqasının əhəmiyyətindən danışarkən əsas hədəfin Avropa çempionatı olduğunu söyləyib: “Əlbəttə, Avropa çempionatı bizim üçün daha vacib yarışdır. Bu turnir həmin yarışa hazırlığın mühüm hissəsidir. Bununla yanaşı, Avropa Liqasının da böyük əhəmiyyəti var. Xüsusilə reytinq baxımından hər oyun önəmlidir. Buna görə nə rəqibləri, nə də yarışın özünü kiçik hesab etmək olar”.
Milli üzvü, həmçinin hazırlıq çərçivəsində keçirilən yoldaşlıq oyunlarının komandaya fayda verdiyini vurğulayıb. A.Abduləzimovanın sözlərinə görə, keçirilən beş yoldaşlıq görüşü ərzində bütün voleybolçulara oyun təcrübəsi qazanmaq imkanı yaradılıb ki, bu da komandanın hazırkı vəziyyətinə müsbət təsir göstərib.
Qeyd edək ki, Azərbaycan seçməsi Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda millimizin rəqibləri İsveç və Estoniya yığmaları olacaq.