CƏMİYYƏT
Gənclər ictimai-mədəni həyatımızda böyük qüvvədir
Zərdab, 1 fevral (AZƏRTAC). Zərdabda 2 fevral - Azərbaycan Gəncləri gününə həsr olunmuş mərasimdə keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə zərdablı gənclər Heydər Əliyev parkında ulu öndərimizin abidəsini ziyarət edərək önünə tər çiçək dəstələri qoymuşlar.
Mərasimdə rayon gənclər və idman idarəsinin rəisi İlkin Əliyev “Gənclər ictimai-mədəni həyatımızda böyük qüvvədir” mövzusunda məruzə etmiş, çıxışlar dinlənilmişdir.
Mərasim iştirakçıları bu gün gənclərin Zərdabın ictimai-mədəni, sosial-iqtisadi, idman həyatında böyük fəallıq göstərdiklərini diqqətə çatdırmış, qazanılmış uğurlardan ətraflı bəhs etmişlər.
Ötən il oktyabrın 17-də Prezident İlham Əliyevin Zərdaba səfərinə diqqəti cəlb edən natiqlər səfər çərçivəsində onun Gənclər mərkəzinin açılışında iştirakından ətraflı söhbət açmışlar. Onlar dövlətimizin başçısının bu addımını gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirmişlər.
Gənclər Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərini, ölkəmizin daha da çiçəklənməsi naminə əllərindən gələni əsirgəməyəcəklərini bildirmişlər.
Mərasimdə bir qrup fəal gəncə hədiyyələr verilmişdir.
Sonda geniş bayram konserti təqdim olunmuşdur.