CƏMİYYƏT
Gənclər üçün “Məişət ekologiyası” mövzusunda seminar keçirilmişdir
Bakı, 10 dekabr (AZƏRTAC). “İrəli” İctimai Birliyinin Yaşıllar klubu “Ekologiya əsri” adlı yeni layihəyə başlamışdır.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində dekabrın 10-da “İrəli” İB-in ofisində qloballaşan dünyada ətraf mühitin mühafizəsində qarşılaşdığımız problemlər və ekologiya elminin inkişafı haqqında gəncləri ətraflı məlumatlandırmaq məqsədi ilə seminar keçirilmişdir.
Seminarı aparan Bakı Dövlət Universitetinin ekoloji kimya kafedrasının müdiri, kimya elmlər doktoru, professor Sevinc Hacıyeva gənclərə “Məişət ekologiyası” mövzusunda mühazirə oxumuşdur.
Ekologiya elminin sürətlə inkişaf etdiyini söyləyən S.Hacıyeva ekoloji maarifləndirmənin vacibliyini bildirmişdir. Professor demişdir ki, dünyanın ekoloji problemlərlə üzləşdiyi müasir dövrdə ətraf mühitin qorunması yolları barədə biliklərimiz zəif olarsa, daha təhlükəli fəsadlar yarana bilər.
Müasir həyatımızın tullantılarsız mümkün olmadığını bildirən alim bərk və maye tullantılarının zərərləri, onların aradan qaldırılması yolları, eləcə də ölkəmizdə tullantıların zərərsizləşdirilməsi istiqamətində həyata keçirilən layihə və tədbirlərdən söhbət açmışdır.
S.Hacıyeva ekologiyanın digər elmlərlə əlaqəsi, ekosistemlər və onların qarşılıqlı təsiri haqqında gənclərin suallarını cavablandırmışdır.
Tədbirdə, həmçinin məişət tullantılarının ətraf aləmə vurduğu ziyanı əks etdirən fotoslayd nümayiş etdirilmişdir.