CƏMİYYƏT
Gənclərin İnkişaf və Karyera Mərkəzi “Ulu Öndərin izi” adlı məqalə müsabiqəsi elan edib
Bakı, 6 may, AZƏRTAC
Mayın 10-da görkəmli dövlət xadimi, böyük siyasətçi, ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ili tamam olur.
Gənclərin İnkişaf və Karyera Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Ümummilli Liderin ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Hər bir gənc müasir gənclər siyasətinin banisi, xalqımızın taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevi hər zaman ehtiramla xatırlayır və unutmur.
Gənclərin İnkişaf və Karyera Mərkəzi ulu öndər Heydər Əliyevin ildönümü münasibətilə onun həyat və fəaliyyətini, gənclərin həyatında oynadığı rolu, gənclərin Ümummilli Lider haqqında fikir və düşüncələri, ülvi hisslərini əks etdirəcək “Ulu Öndərin izi” adlı məqalə müsabiqəsi elan edib.
Məqalə müsabiqəsinin şərtləri çox sadədir.
Müsabiqəyə heç yerdə dərc edilməyən məqalələr qəbul edilir.
Təqdim olunacaq məqalələr elektron formada mayın 9-u saat 18:00-dək [email protected] mail ünvanına, mövzu bölməsinə “Heydər Əliyev - 97 il” qeyd edilərək göndərilməlidir.
Məqalələr münsiflərə imzasız təqdim ediləcək, ən yaxşı məqalə müəllifi mayın 10-da açıqlanacaq.
Məqalə Gənclərin İnkişaf və Karyera Mərkəzinin sosial şəbəkələri və mətbu orqanlarda dərc olunacaq və onun müəllifi mükafatlandırılacaq.