CƏMİYYƏT
Gəncliyə Yardım Fondunda kursları bitirmiş gənclərə sertifikatlar təqdim edilmişdir
Bakı, 24 dekabr (AZƏRTAC). Gəncliyə Yardım Fondunun (GYF) dəstəyi ilə təşkil olunmuş növbəti kompyuter, ingilis, rus, ərəb və ilkin tibbi yardım kurslarını müvəffəqiyyətlə bitirmiş dinləyicilərə sertifikatların təqdim olunması mərasimi keçirilmişdir.
Fonddan AZƏRTAC-a bildirmişlər ki, tədbiri GYF-ın prezidenti Əhməd Tecim açaraq kursları müvəffəqiyyətlə bitirmiş gəncləri təbrik etmişdir. Natiq çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın gənclərə daim qayğı göstərmələrini xüsusi vurğulamışdır.
Əhməd Tecim xalqımızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etmişdir.
Mərasimdə kursu bitirmiş 81 nəfərə sertifikat təqdim olunmuşdur.
Kursları bitirmiş gənclər fondun rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Sonda xatirə şəkilləri çəkdirilmişdir.