“Gəncliyin bir həftəsi”ndə tələbə-könüllülər konsert veriblər
Bakı, 1 fevral, AZƏRTAC
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən “Gəncliyin bir həftəsi” adlı tədbirə indiyədək 500-dən çox müraciət olub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirin beşinci günü proqramın “Yaşa” və “Yaşat” istiqamətləri çərçivəsində istedadlı tələbə-könüllülərin və musiqiçi qonaqların ifasında konsert proqramı təqdim olunub. Konsert proqramında 50 tələbə-könüllü iştirak edib.
Tədbirdə musiqiçi qonaqlar Əli Faiq Mirzə, Şahin Əlizadə, Yusif Abbas və Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin istedadlı tələbə-könüllüləri İradə Abişova, Nejla Qasımova, Cabir Əliyev, Kənan İmanov və Zibeydə Əliyevanın çıxışları dinlənilib.
“Gəncliyin bir həftəsi” gənc tələbə-könüllülərin şəxsi inkişafının təmin olunması, dünyagörüşlərinin artırılması, asudə vaxtlarının səmərəli dəyərləndirilməsi, könüllülük dəyərlərinin aşılanması məqsədi daşıyır. “Gəncliyin bir həftəsi”ndə hər gün proqramın altı istiqaməti (“Yaşa”, “Yaşat”, “Öyrən”, “Öyrət”, “Kəşf et”, “Zövq al”) üzrə təlimlər, görüşlər, intellektual və komanda oyunları, tələbə-könüllülərin ifasında konsert proqramı keçirilir.
Tədbir fevralın 2-dək davam edəcək.
Qeyd edək ki, “Bir” Tələbə-Könüllü Proqramı milli könüllü platforması kimi 20 mindən çox vahid tələbə-könüllü bazasına malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün altı istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə təşkilati dəstək verilib. Könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.