Genetik Ehtiyatlar İnstitutunda beynəlxalq təlim kursu keçirilib
Bakı, 9 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunda (GEİ) beş günlük beynəlxalq təlim kursu təşkil olunub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsində “Genom və transkriptom səviyyəsində bitki genetik ehtiyatlarının identifikasiyası, onların saxlanılması və səmərəli istifadəsi üzrə dayanıqlı sistemin yaradılması” elmi tədqiqat proqramı çərçivəsində keçirilən kurs “Bitkilərin yaxşılaşdırılmasında yeni nəsil sekvenserlərinin tətbiqi” mövzusuna həsr edilib.
Kursda Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (İCARDA), Yarım-Quraq Tropiklər üçün Bitki Tədqiqatları İnstitutunun (İCRİSAT) alimləri iştirak edib.
Tədbirdə Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov beynəlxalq mərkəzlərlə qurulmuş əməkdaşlıqdan danışıb. Bildirilib ki, regionda ilk dəfə bu institutda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun pilot layihəsi çərçivəsində genomika laboratoriyası qurulub.
Bakıya ikinci dəfə səfər etdiyini söyləyən İCARDA-nın biotexnologiya şöbəsinin müdiri, professor Aladdin Hamvieh Azərbaycanda olan inkişafı yüksək dəyərləndirib. İlk dəfə 2011-ci ildə ölkəmizə gəldiyini deyən professor qeyd edib ki, o zaman burada keçirilən təlim seminarında GEİ-nin gənc alimləri DNT-nin ekstraksiyası, molekulyar markerlər müasir biliklər əldə ediblər. İndi isə yeni nəsil sekvenserlərindən istifadə etməklə tam genom və transkriptom analizi üzrə təlim kursu keçirilir. Bu Azərbaycanda elmin müasir sahələrinin sürətlə inkişafının göstəricisidir.
İCRİSAT-nın Genomika Mərkəzinin əməkdaşı, professor Mahendar Thudi çıxışında çalışdığı qurumun imkanları haqqında məlumat verib.
Açılış mərasimində İCRİSAT-ın Genomika Mərkəzinin əməkdaşı Anu Chitikineni yeni nəsil sekvenser texnologiyası haqqında mühazirə oxuyub.
Sonra qonaqlar GEİ-də fəaliyyət göstərən Milli Genbank, Biotexnologiya və Virusologiya laboratoriyaları ilə tanış olublar.
İyirmi beş gənc tədqiqatçının iştirakı ilə keçirilən təlim kursunda bitkilərin sekvens üsulu ilə genotipləşdirilməsi, de-novo və re-sekvensi, transkriptom analizi, alınan nəticələrin bioinformatik və biostatistik analizi üzrə geniş məlumat verilib, praktik məşğələlər keçirilib.
Seminar zamanı Darvin, Structure, Tassel, UNEAK kimi kompyuter proqramları da öyrədilib.
Kursun sonuncu günü AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədov, İCARDA-nın və İCRİSAT-nın nümayəndələri GEİ-nin əməkdaşları ilə görüşlərində belə kursların keçirilməsini yüksək dəyərləndiriblər. Akademik A.Əlizadə genomika, genetika və molekulyar seleksiya sahələri üzrə beynəlxalq mərkəzlərlə əməkdaşlığın gücləndirilməsi, tanınmış alimlərin uzunmüddətli institutlara cəlb edilməsi, birgə kadrların hazırlanması, AMEA-da yeni yaradılmış magistratura hazırlığında elmin ən yeni sahələri üzrə mövzuların seçilməsi, magistrlərin beynəlxalq mərkəzlərdə təlim kursu keçmələrinin təşkili üzrə tapşırıq və tövsiyələrini verib.