ELM VƏ TƏHSİL
Geologiya İnstitutunda gənc seysmoloqların beynəlxalq təcrübə əsasında inkişafına böyük önəm verilir
Bakı, 27 dekabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun aspirantı Rafiq Səfərov Yaponiyada seysmologiya üzrə magistratura təhsili alır. Növbəti ilin sentyabrına qədər davam edəcək dərslər “Seysmologiya, zəlzələ mühəndisliyi və fəlakətlərin idarə edilməsi siyasəti” mövzusunda Siyasi Tədqiqatlar üzrə Milli İnstitut və Beynəlxalq Seysmologiya və Zəlzələ Mühəndisliyi İnstitutunda keçirilir.
İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Layihə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin dəstəyi ilə təşkil olunmuşdur. Kursda dünyanın 14 ölkəsindən 23 gənc alim və mühəndis iştirak edir. Təmsil olunan ölkələrin sırasında Azərbaycandan əlavə, Banqladeş, Çin, Haiti, İndoneziya, Pakistan, Makedoniya və digər ölkələr vardır.
Geodinamika və seysmologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Qədirov qeyd etmişdir ki, zəlzələlərlə əlaqəli elmin öyrənilməsində gənclərin beynəlxalq təcrübəyə yiyələnməsi Geologiya İnstitutunun əsas prinsiplərindəndir. İnstitutun bir neçə gənc alimi elmin qeyd olunan sahəsində təcrübələrini artırmaq üçün xarici ölkələrə göndərilmişdir.