CƏMİYYƏT
Gigiyenik qaydalara əməl etməyən 36 müəssisə cərimələnmişdir
Bakı, 27 dekabr (AZƏRTAC). Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi yeyinti məhsullarının istehsalı, satışı, saxlanılması və daşınmasını daim nəzarətdə saxlayır. Bu məqsədlə mərkəzin əməkdaşları 2011-ci ilin noyabr ayı ərzində bir sıra müəssisələrdə araşdırma aparmışlar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırma zamanı sanitariya norma və qaydalarının tələblərini pozan bir çox obyektlər aşkar edilmişdir.
Laboratoriya nümunələrinin nəticələrinə əsasən gigiyenik normalara cavab verməyən məhsul istehsalına görə 36 müəssisənin sahibkarları inzibatı qaydada cərimə olunmuş, 19 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 27 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.