İQTİSADİYYAT
Gömrük Akademiyasında növbəti xidmətə ilkin hazırlıq təlimləri başa çatıb
Bakı, 1 fevral, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş gömrük əməkdaşlarına peşə biliklərinin və xidməti intizam qaydalarının tələblərinin öyrədilməsi məqsədilə təşkil edilən növbəti xidmətə ilkin hazırlıq təlimləri başa çatıb.
DGKA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, dinləyicilərin bir ay ərzində əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsi keçirilib.
Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev akademiyada yüksək səviyyədə, yeni fərqli proqramla təlimlərin təşkil olunduğunu, proqramın təkmilləşdirildiyini qeyd edib. Gömrük qanunvericiliyinə olunan dəyişikliklərin təlimlərin proqramında müvafiq dəyişiklikləri zəruri etdiyini vurğulayıb. Akademiyanın təlimlərinin gömrük əməkdaşlarının formalaşmasında mühüm rol oynadığını bildirib.
Komitə tərəfindən kadr potensialı ilə bağlı son dövrlərdə aparılan islahatlar və görülən işlərdən bəhs edən İ.Babayev gender balansının 10 faizdən 23 faizə çatdırıldığını deyib. Beynəlxalq əməkdaşlığın, gömrüklə bağlı universitetlərlə əlaqələrin yaradılmasının vacibliyi qeyd edilib.
Akademiyanın rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov təlimlərdə dinləyicilərə bilavasitə gömrük əməkdaşlarının peşə fəaliyyəti zamanı zəruri olan bilik və bacarıqların verildiyini vurğulayıb. O, təlimin gömrük xidmətində tətbiq olunan yeni innovasiyaların da daxil edildiyi fərqli tədris proqramı əsasında aparıldığını və dinləyicilərin bu bacarıqlara yiyələndiklərini, praktiki biliklər əldə etdiklərini qeyd edib.
Q.Novruzov təlimlərin keçirilməsinin gömrük xidməti əməkdaşlarının səriştələrinin artırılması üçün akademiyanın fəaliyyət istiqamətlərindən biri olduğunu deyib. O, bir ay ərzində əldə etdikləri bilik və bacarıqların, praktik vərdişlərin onlara gündəlik iş fəaliyyətində yararlı olacağına əminliyini ifadə edib.
Tədbirdə dinləyicilərin sualları cavablandırılıb, müxtəlif suallar ətrafında müzakirələr aparılıb.
Daha sonra dinləyicilərin biliklərinin qiymətləndirilmə mərhələsi keçirilib. Bununla yanaşı, dinləyicilər hərbi və sıra duruşu nümayiş etdiriblər.
Qeyd edək ki, yanvar ayında təşkil olunan təlimlərdə 39 dinləyici iştirak edib. Xidmətə yeni qəbul olunan gömrük əməkdaşlarının növbəti qrupu üçün təlimlər isə fevral ayında keçiriləcək.