MƏDƏNİYYƏT
Görkəmli publisist, maarifçi Ömər Faiq Nemanzadə haqqında videoçarx hazırlanıb
![Görkəmli publisist, maarifçi Ömər Faiq Nemanzadə haqqında videoçarx hazırlanıb](/files/2022/3/1200x630/16655598225381060395_1200x630.jpg)
Bakı, 12 oktyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı G.Süleymanova Ömər Faiq Nemanzadə haqqında videoçarx hazırlayıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, 2022-ci ilin dekabr ayında Azərbaycan milli mətbuatının böyük nümayəndəsi, görkəmli publisist, tanınmış maarifçi Ömər Faiq Nemanzadənin anadan olmasının 150 ili tamam olur.
Videoçarxda Ö.F.Nemanzadə haqqında geniş məlumat yerləşdirilib. Qeyd olunub ki, XX əsrin əvvəllərində Azərbaycan mətbuatı tarixinə parlaq səhifələr yazmış və son dərəcə mürəkkəb şəraitdə onun inkişafına istiqamət verərək keyfiyyətcə yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış maarifpərvər ziyalılardandır. Ədəbi-mədəni həyatda mühüm hadisəyə çevrilmiş “Qeyrət” mətbəəsinin və Yaxın Şərq ölkələri ədəbiyyatında demokratik meyillərin güclənməsinə qüvvətli təsir göstərmiş məşhur “Molla Nəsrəddin” jurnalının yaradılması ədibin gərgin və səmərəli fəaliyyətinin ayrılmaz tərkib hissələridir. Ömər Faiq təkcə “Molla Nəsrəddin” jurnalında deyil, eyni zamanda, o dövrdə çap edilən bir sıra qəzet və jurnallarda (“Açıq söz”, “Tərəqqi”, “İrşad”, “Həyat”, “Rəncbər”, “Adıgün kolxozçusu”, “Kommunist”, “Qızıl bayraq”, “Bağban” və s.) çıxış edib. Onun yazıları Ömər Faiq Nemanzadə, Ümidvar, Ümid, Faiq Nemanzadə, Lağlağı, Mozalan və s. ad və təxəllüslərlə çıxıb. Ömər Faiqin dövrün bir sıra mühüm ictimai-siyasi məsələləri haqqında müxtəlif mətbuat orqanlarındakı fəaliyyəti onu müasirlərinə yetkin qələm sahibi kimi tanıdıb və sevdirib.
Qeyd edək ki, Ömər Faiq Nemanzadə 1937-ci ilin yayında Axalsıxda öz ata yurdunda dincələrkən iyulun 16-da rayon prokuroru Odabaşyanın sərəncamı ilə həbs olunub və 3 ay sonra oktyabrın 10-da Gürcüstan SSR Xalq Daxili İşlər Komissarlığının qərarı ilə güllələnib.