Göyçayda 25 min 326 nəfər kütləvi pulsuz tibbi müayinədən keçib
Göyçay, 12 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Fevralın 12-dən etibarən respublikamızın hər yerində olduğu kimi, Göyçay rayonunda da əhalinin kütləvi tibbi-profilaktik müayinəsi mütəşəkkil aparılır. Ötən bir ayda 25 min 326 nəfər rayon sakini pulsuz tibbi müayinədən keçirilib. Onlardan 164 nəfəri Göyçay Rayon Mərkəzi Xəstəxanasında stasionar, 759 nəfər ambulator müalicəyə cəlb edilib, 50 nəfər isə müalicə üçün Bakı şəhərindəki xəstəxanalara göndərilib.
Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Ləman Hacıyeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, yaşı 18-dən yuxarı olan 84 min 610 nəfərin tibbi-profilaktik müayinədən keçirilməsi üçün şəhərdə 2, kəndlərdə 13 tibbi müayinə məntəqəsi yaradılıb. Rayon mərkəzi xəstəxanasının, poliklinika şöbəsinin və kənd səhiyyə ocaqlarının işçiləri müayinələrə cəlb edilib, əvvəlcədən onlar arasında maarifləndirmə işləri görülüb. Tibbi müayinələr əsasən terapevt, oftalmoloq, ginekoloq, cərrah, nevropatoloq, stomatoloq, kardioloq və digər tibb mütəxəssisləri tərəfindən aparılır. Vətəndaşlar ehtiyac olduqda kardioqram, ultrasəs, rentgen və laborator müayinələrdən də keçirilir.
Ləman Hacıyeva qeyd edib ki, rayonda aparılan kütləvi tibbi müayinələr insanların sağlamlığı üçün böyük əhəmiyyət daşıyır. Belə müayinələr insanlar arasında bir sıra xəstəlikləri erkən aşkar etməyə, vaxtında və dəqiq müalicə aparmağa imkan yaradır. Odur ki, rayonun tibb işçiləri bu aksiyada fəal iştirak edirlər. Tibbi müayinələrin keçirildiyi Göyçay Rayon Mərkəzi Xəstəxanası yenidən qurularaq ən müasir tibbi avadanlıq və aparatlarla təchiz edilib. Burada hər gün yüzlərlə sakin müayinə olunur. Bundan başqa, səyyar həkim briqadaları tərəfindən rayonun 56 kəndində əhalinin tibbi müayinəsi aparılır.