Göyçayda küçələrdən birinə Aprel şəhidi Teymur Qasımovun adı verilib
Göyçay, 5 aprel, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay şəhərinin küçələrindən birinə Aprel döyüşlərində şəhid olmuş Teymur Qasımovun adı verilib. Bununla bağlı keçirilən mərasimdə rayon icra hakimiyyətinin, idarə və təşkilatların rəhbər şəxsləri, hərbçilər, ictimaiyyət nümayəndələri, gənclər, şəhidin ailə üzvləri, küçənin sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edənlər 2016-cı ilin Aprel döyüşlərini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dönüş nöqtəsi kimi qiymətləndiriblər. Bildirilib ki, Ordumuzun bu döyüşlərdə göstərdiyi şücaət belə deməyə əsas verir. Düşmən hücumlarına layiqli cavab verən igidlərimiz torpaqlarımızın sahibsiz olmadığını bir daha sübut ediblər. Ən başlıcası isə Aprel döyüşləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində bir çox mətləblərə aydınlıq gətirib. Belə ki, Aprel döyüşləri Ermənistan ordusunun çox acınacaqlı bir durumda olduğunu sübut edib. Düşmən ordusunun maddi-texniki bazasını, təchizatını yalnız dünyanın ən geridə qalmış ölkələri ilə müqayisə etmək olar. Dörd günlük Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüdrətini, Ordumuzun peşəkarlığını göstərib.
Qeyd olunub ki, Göyçay rayonu Çaxırlı kənd sakini, 1996-cı il təvəllüdlü Teymur Qasımov da 2016-cı il aprelin 3-də Füzuli rayonunun Horadiz qəsəbəsində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin Sərəncamı ilə Teymur Qasımov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. Şəhid adının əbədiləşdirilməsi məqsədilə rayon icra hakimiyyəti başçısının sərəncamına əsasən Göyçay şəhərinin 49-cu məhəlləsindəki küçələrdən birinə Teymur Qasımovun adı verilib. Həmin ərazi rayonda yeni salınmış yaşayış məhəlləsidir, küçədə 50 ünvan var və 200 nəfər əhali yaşayır.
Şəhidin atası Mikayıl Qasımov çıxış edərək oğlu ilə qürur duyduğunu və onun qanının yerdə qalmayacağına, düşmənlərdən qisasının alınacağına əminliyini bildirib. O, şəhidlərin ölməzliyindən, onların əziz xatirəsinin daim yad edilməsindən söz açıb. Mikayıl Qasımov dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Sonra Teymur Qasımov küçəsinin başlanğıcında şəhidin adına qurulan xatirə lövhəsinin açılışı olub. İctimaiyyət nümayəndələri Çaxırlı kənd qəbiristanlığına gedərək şəhidin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar.
Daha sonra şəhidin yaşadığı evdə ehsan verilib, şəhidin ruhuna dualar oxunaraq Allahdan ona rəhmət diləyiblər.