GÖYÇAYDA QAZ TƏSƏRRÜFATI İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, qaz təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə iyunun 20-də “Göyçay Qaz İstismar İdarəsi” MMC-də toplantı keçirilmişdir.
Tədbirdə çıxış edənlər qaz təsərrüfatının Azərbaycanda iqtisadiyyatın inkişafında olduqca əhəmiyyətli yer tutmasını qeyd etmişlər. Onlar ölkə rəhbəri İlham Əliyevin qaz təsərrüfatı işçilərinin peşə bayramının təsis edilməsi ilə bağlı Sərəncamı onun bu sahədə çalışanlara olan yüksək diqqət və qayğısı kimi qiymətləndirmişlər. Natiqlər qaz təsərrüfatı işçilərinin üzərinə düşən vəzifə və tapşırıqları bundan sonra da məsuliyyətlə yerinə yetirəcəklərinə əmin olduqlarını bildirmişlər.
Qeyd olunmuşdur ki, 8 minə yaxın abonentə xidmət göstərən “Göyçay Qaz İstismar İdarəsi” MMC-nin fəaliyyətində əsaslı dönüş yaranmış, şəhərdə qaz sayğaclarının quraşdırılması işi başa çatdırılmış, müxtəlif ərazilərdə yararsız qaz xətləri yeniləri ilə əvəz olunmuş, yeni qaztəmizləyici şkaflar quraşdırılmış, qaz paylayıcıları qaydaya salınmışdır. Sayğac sisteminə keçəndən sonra rayonda qaz təchizatı ilə bağlı problemlər aradan qalxmış, abonentlərdən gələn şikayətlərin sayı xeyli azalmışdır.
Peşə bayramlarını qeyd edən qaz təsərrüfatı işçilərinə idarənin mükafatları verilmişdir.
Xatırladaq ki, hazırda Göyçay şəhərinin və Potu kəndinin əhalisi təbii qazdan istifadə edir. Bu ilin sonunadək rayonun Qaraməryəm, Yekəxana, Şahsoltanlı, Qarayazı, Cəyirli, Kürdəmiş, Türkmən, Şəhadət, Ərəbcəbirli, Mirzəhüseynli, Qarabağlar, Hacalıkənd, Çayarxı, Qarabaqqal, Bığır və Üngültü kəndlərinin qazlaşdırılması nəzərdə tutulur. Magistral qaz xəttinə yaxın olan bu kəndlərdə hazırda təbii qaz borularının təmir-bərpası və yararsız hissələrinin dəyişdirilməsi prosesi gedir.