Göygöldə kross qaçışı üzrə Azərbaycan çempionatı keçirilib
Bakı, 22 aprel, AZƏRTAC
Göygöl rayonunda kross qaçışı üzrə Azərbaycan çempionatı keçirilib. Azərbaycan Atletika Federasiyasının, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən çempionatda yeniyetmələr, gənclər və böyüklər iştirak ediblər.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, yarışda respublikanın 8 şəhər və rayonundan olan 90 idmançı mübarizə aparıb.
Bir kilometr məsafəyə qaçış yarışında qadın atletlərdən Tutuxanım İsrafilova birinci olub. Nika Məmmədova 2, Natəvan Etibarova 4, Anna Yusupova isə 6 kilometr məsafəyə qaçış yarışlarında qızıl medal qazanıblar.
Kişilərin mübarizəsində İbrahim Orucov 2, Vahid Kərimov 3, İlham Abışov 6, Elman Abışov isə 10 kilometr məsafəyə qaçış yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Komanda yarışlarında isə birinci yerə Bakı təmsilçiləri layiq görülüblər. Gəncə təmsilçiləri ikinci, Sumqayıt atletləri isə üçüncü pillədə qərarlaşıblar.
İlk üç yeri tutan idmançılar federasiya tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.