“GUAM DÖVLƏTLƏRİNİN ƏRAZİLƏRİNDƏ MÜNAQİŞƏLƏRİN HƏLLİNİN PRİNSİPİAL ƏSASLARI” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, aprelin 16-da Bakıda “GUAM dövlətlərinin ərazilərində münaqişələrin həllinin prinsipial əsasları” mövzusunda beynəlxalq konfrans başa çatmışdır.
Beynəlxalq konfrans GUAM dövlət başçılarının qərarlarının yerinə yetirilməsi və üzv ölkələrin mövqeyinə geniş beynəlxalq ictimai dəstəyin səfərbər edilməsi, habelə münaqişələrin sülh yolu ilə həlli istiqamətində göstərilən səylərə impuls vermək məqsədi ilə Azərbaycanın GUAM-da sədrliyi çərçivəsində təşkil edilmişdir.
Konfransda münaqişələrin mənbəyi, səbəb və nəticələri, dövlətlərin ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyinetmə hüququ, münaqişələr zamanı güc tətbiq etməklə ərazilərin işğalı, səmərəli nəzarət və beynəlxalq hüquq məsuliyyətinə dair məruzələr dinlənilmiş, münaqişələrin həlli yolları araşdırılmış, inkişaf perspektivləri müəyyənləşdirilmişdir.
Bildirilmişdir ki, GUAM ölkələri ərazilərində münaqişələr yaradan separatçı rejimlər əsasən bu dövlətlərin iqtisadi cəhətdən inkişaf etmiş bölgələrini ələ keçirmək istəyir və insan hüquqlarını pozurlar.
Konfransda çıxış edən avstriyalı vəkil Qabriyel Lanski demişdir ki, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri təhlil edilməlidir. Bu münaqişə nəticəsində bir milyondan çox insan öz doğma torpaqlarından didərgin, 5 min azərbaycanlı itkin düşmüş, 20 mindən çox insan öldürülmüş, 50 mindən çox adam əlil olmuş, yüzlərlə qəsəbə, kənd, xəstəxana, iaşə obyekti məhv edilmişdir. İşğal olunmuş ərazilərdə istintaqın aparılmaması insan hüquqlarının müdafiəsini çətinləşdirir.
Ekspertlər vurğulamışlar ki, separatçı rejimlər müstəqil dövlətlərin ərazilərini mənimsəmişlər və beynəlxalq hüquq bu cür rejimləri tanımır. Bildirmişdir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir.
Münaqişələrin həllinin sülh yolundan başqa alternativi olmadığını deyən natiqlər qeyd etmişlər ki, problemlərin çözülməsində beynəlxalq prinsiplərin tətbiqi zəruridir.
Qeyd olunmuşdur ki, Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya və Dnestryanı münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Münaqişələr yalnız suverenlik, ərazi bütövlüyü və bu dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət əsasında nizamlanmalıdır. Hər hansı bir dövlətin ərazisi beynəlxalq hüququn müvafiq normalarına zidd olaraq, güc tətbiq etməklə mənimsənilə və ya hərbi işğala məruz qala bilməz.
Konfransın işində GUAM dövlətləri ilə bərabər, ABŞ, Türkiyə, Böyük Britaniya, Almaniya, İsrail, Polşa, Rumıniya, Avstriyadan və Baltikyanı regiondan, ümumiyyətlə, 15 ölkədən rəsmi nümayəndələr və ekspertlər iştirak etmişlər.