GUAM ÜZVÜ OLAN ÖLKƏLƏRİN XARİCİ İŞLƏR NAZİRLƏRİNİN GÖRÜŞÜ
İyulun 2-də “Həyat Recensi - Naxçıvan” mehmanxanasında GUAM üzvü olan ölkələrin xarici işlər nazirlərinin görüşü olmuşdur.
Görüşdə Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev, Gürcüstanın xarici işlər naziri İrakli Menağarişvili, Ukraynanın xarici işlər naziri Anatoli Zlenko və Moldova XİN-nin xüsusi tapşırıqlar üzrə səfiri Andrey Stratan iştirak edirdilər. Açılış mərasimində çıxış edən Azərbaycanın baş naziri Artur Rasizadə dedi ki, GUAM ölkələrinin əməkdaşlığının əsası iqtisadi əlaqələrdir. Bu təşkilat çərçivəsində nəqliyyat dəhlizinin inkişafı Avropadan Asiyaya nəqliyyat kommunikasiyalarını inkişaf etdirməli olan Avropa Birliyinin “TRASEKA” proqramının həyata keçirilməsinin tərkib hissələrindən biri kimi” nəzərdən keçirilə bilər. Artur Rasizadə bunu da əlavə etdi ki, GUAM ölkələrinin iştirakı ilə, habelə Avropanın işgüzar dairələri nümayəndələrinin iştirakı ilə “GUAM - AB” formatında keçirilməsi nəzərdə tutulmuş biznes forumlar GUAM çərçivəsində əməkdaşlığa kömək edəcəkdir.
Görüşdən sonra keçirilmiş mətbuat konfransında nazirlər qeyd etdilər ki, görüşdə nəqliyyat dəhlizlərinin inkişafı və GUAM məkanında azad ticarət zonasının yaradılması, habelə iyulun 19-20-də Yaltada GUAM dövlətləri başçılarının iştirakı ilə keçiriləcək zirvə toplantısına hazırlıqla bağlı məsələlər müzakirə olunmuşdur. Vilayət Quliyev bildirdi ki, ABŞ, Türkiyə, Qazaxıstan, Polşa, Rumıniya və Rusiyanın, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri zirvə toplantısına müşahidəçi kimi dəvət edilmişlər. Bundan başqa, bu görüşdə GUAM-ın 2002-2003-cü illər üçün fəaliyyət proqramı qəbul edilmişdir. O, GUAM üzvü olan ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsini nəzərdə tutur. Gürcüstanın xarici işlər naziri Özbəkistanın GUAM-da fəaliyyətini müvəqqəti dayandırması ilə bağlı suala cavabında dedi ki, bu, GUAM-ın fəaliyyətinə təsir göstərməyəcəkdir. Nazir ümidvar olduğunu bildirmişdir ki, Özbəkistanın qərarı müvəqqəti xarakter daşıyır.