Güclü külək yol təsərrüfatına ciddi ziyan vurub
Bakı, 31 mart, AZƏRTAC
Ötən gündən etibarən ölkə ərazisində müşahidə olunan qeyri-sabit və küləkli hava nəticəsində yol təsərrüfatına ciddi ziyan dəyib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Bakı şəhərinin küçə və prospektlərində, o cümlədən respublikanın avtomobil yollarında quraşdırılmış yol nişanları və məlumatverici lövhələr küləyin təsirindən aşıb. Bakı Dairəvi-1 avtomobil yolunda, İnşaatçılar prospekti "Statistika dairəsi" və Bakı Olimpiya Stadionunun yaxınlığında quraşdırılmış məlumat lövhələrinin aşması ilə yol təsərrüfatına ciddi ziyan dəyib. Ümumilikdə isə ilkin hesablamalara görə, burada dəymiş ziyanın məbləği 25 min manata yaxındır.
Bundan başqa, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 18-ci kilometrində, paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən keçən hissəsində 2 yük maşını güclü küləyin təsirindən idarəetmədən çıxaraq aşıb. Onlardan birinin qeydiyyat nişanı Gürcüstana, digərinin isə Türkiyəyə məxsusdur.
"Scania" və "Iveco" markalı hər iki yük maşını Bakıdan Qazax istiqamətində hərəkət edərkən sol yanı üstündə aşıb və bu istiqamətdə yol ayrıcında quraşdırılmış 100 poqonmetrə yaxın əyrixətli dəmir tirləri və 2 işıq dirəyini sıradan çıxarıb. Nəticədə yol təsərrüfatına təqribən 10 min manat ziyan dəyib.
Dəymiş ziyanla bağlı faktlar aktlaşdırılaraq, aidiyyətı üzrə göndərilib.