DÜNYA
Güclü qasırğa Primoryeyə yaxınlaşır
Bakı, 3 sentyabr (AZƏRTAC). Güclü "Talas" qasırğasının təsiri Primoryedə bir gün sonra hiss ediləcəkdir. Sentyabrın 3-də tropik fırtına Yaponiya dənizinin cənub hissəsindən şimala doğru istiqamət götürərək sahil regionunun cənub-şərqinə doğru irəliləyəcəkdir.
Regionun Hidrometeorologiya mərkəzinin mətbuat xidmətinin məlumatına görə, yaxınlaşan qasırğa ərazidə şimal-şərq küləyinin güclənməsinə səbəb olacaqdır. Sentyabrın 4-də isə qasırğa Yaponiya dənizinin mərkəzi hissəsində olacaqdır.
Primoryenin şərq rayonunda intensiv yağışların başlanacağı da bildirilmişdir. Məlumata görə, sahil regionunda şimal-şərq küləyinin sürəti bəzən saniyədə 30-35, bəzən isə 23-28 metrə çatacaqdır.
Qeyd edək ki, "Talas" Tayfunu - bu il Sakit Okeanın ən güclü tropik qasırğası hesab olunur. Hazırda küləyin sürəti mərkəzə doğru saniyədə 33 metr, radiusu isə 240 km, dalğanın hündürlüyü 7-8 metr təşkil edir.
FHN tərəfindən artıq Primorye, Xabarovsk, eləcə də Saxalin rayonunun sakinlərinə fövqəladə vəziyyət haqqında xəbərdarlıq edilmişdir.