DÜNYA
“Güllü xalça” Brüsselə qayıdır
Brüssel, 6 iyun, AZƏRTAC
Koronavirus pandemiyası ilə əlaqədar dördillik fasilədən sonra əfsanəvi “Güllü xalça” yenidən Belçika paytaxtındakı Qran-Plası bəzəyəcək.
AZƏRTAC xəbər verir ki, Brüssel meriyası iki ildə bir dəfə keçirilən bu populyar tədbirin bərpa olunmasını bu gün elan edib. Brüssel şəhər mədəniyyət şurasının üzvü və eyni zamanda, “Güllü xalça” qeyri-kommersiya təşkilatının rəhbəri olan Delfina Xuba AZƏRTAC-a müsahibəsində deyib: “Bu il biz xalçanın dizaynı barədə fikirləşmişik. Yeni dizayn bizim soykökümüzə qayıtmağımızın rəmzi olacaq. Ona görə də bizim 1971-ci ilə aid ilk “xalça”mıza istinad ediləcək.
Layihənin 50 illiyinə həsr edilmiş budəfəki xalçanın dizaynı meksikalı florist-rəssamlar, birinci xalçanın müəllifinin şagirdləri olan Ru Aqilar Aquado və Koen Vondenbuşa etibar edilib. Onlar 1971-ci ildəki naxışın müasir texnikalara uyğun şəkildə bərpasına 280 saatdan çox vaxt sərf ediblər.
Güllü kompozisiyaya Flandriyada yetişdirilmiş xrizantemalar daxildir.
Delfina Xuba daha sonra deyib: “Güllü xalça” bizim şəhərin mədəni və turistik təqvimində əlamətdar hadisədir. Beqoniya və gərgin gülünün paytaxtın mərkəzi meydanına qayıtması bizi çox sevindirir”.
UNESCO-nun Dünya İrsi Obyekti olan bu xalça turistləri Brüsselə cəlb etmək üçün mühüm stimuldur. Bu hadisə mehmanxana və restoran biznesinə, eləcə də şəhərin mərkəzində mağazalara dəstək vasitəsidir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel