Gürcüstan və BƏƏ arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Tbilisi, 19 sentyabr, AZƏRTAC
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın inkişafının müsbət dinamikası qeyd olunub.
Baş nazir səfərin iki ölkə arasında tərəfdaşlığın daha da dərinləşdirilməsinə töhfə verəcəyini qeyd edib: “ BƏƏ-dən olan şirkətlər Gürcüstanda çox fəaldır. Ölkəmizdə uğurla fəaliyyət göstərən 4 iri şirkət var. Gürcüstanda iqtisadi fəaliyyət üçün hər cür şərait var. Biz də şadıq ki, sizin rəhbərliyiniz altında Eagle Hills və EMAAR tərəfindən Gürcüstanda iqtisadi fəaliyyət göstərən çox mühüm investisiya müqaviləsi imzalamışıq”.
“Tbilisidə quru limanının inkişafı ilə bağlı əməkdaşlığı da çox yüksək qiymətləndiririk. Ümidvarıq ki, bu cür təşəbbüslər gələcəkdə daha çox olacaq və ölkələrimiz arasında həm siyasi, həm də iqtisadi əməkdaşlığı dərinləşdirəcək”, – deyə Kobaxidze vurğulayıb.
Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan da Gürcüstan ilə BƏƏ arasında müxtəlif sahələrdə sıx əməkdaşlığa diqqət çəkib. Bildirib ki, gələcəkdə bu əməkdaşlığın dərinləşdirilməsi digər layihələrin həyata keçirilməsi ilə təsdiqini tapacaq.
“Sizi əmin etmək istərdim ki, Birləşmiş Ərəb Əmirlikləri ümumilikdə Qafqaz ölkələri arasında tərəfdaşlığı gücləndirəcək, sabitliyi, sülhü və ortaq maraqları təşviq edəcək. Sülh iqtisadi inkişafın və güclənmənin əsas aksiyasını təşkil edir”, – deyə Şeyx Məhəmməd bin Zayed Al Nəhyan bildirib.
Sonra Gürcüstanda 6 milyard ABŞ dolları dəyərində iki irimiqyaslı investisiya layihəsinin həyata keçirilməsini nəzərdə tutan razılaşma imzalanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi