GÜRCÜSTAN YENƏ İŞIQSIZ QALDI
AZƏRTAC-ın müxbiri Tbilisidən xəbər verir ki, sentyabrın 3-də naməlum şəxslər Qərbi Gürcüstanda “İmereti” yüksəkvoltlu elektrik xəttinin keçdiyi sahələrdən birini partlatmışlar. İnquri SES-də istehsal olunan elektrik enerjisi həmin xətlə ölkənin müxtəlif bölgələrinə nəql edilir. Gürcüstanın yanacaq və energetika naziri Mamuka Nikoleyşvili bildirmişdir ki, xəttin partladılması nəticəsində ölkə ərazisinin 80 faizi işıqsız qalmışdır.
Nazirin sözlərinə görə, “İmereti” elektrik xəttində belə halların tez-tez olması təxribat törədildiyini güman etməyə əsas verir. O, hüquq-mühafizə orqanlarından lazımi tədbirlər görülməsini tələb etmişdir.