GÜRCÜSTANDA QAÇAQMALÇILIĞA VƏ KORRUPSİYAYA QARŞI MÜBARİZƏ GÜCLƏNİR
Müxbirimiz Tbilisidən xəbər verir ki, Prezident Eduard Şevardnadze jurnalistlərlə növbəti görüşündə yoxlamaların nəticəsini şərh edərək, aşkara çıxarılan pozuntuları əsl korrupsiya adlandırmış və bildirmişdir ki, dövlət təhlükəsizliyi naziri Valeri Xaburzaniyaya həmin vəzifəli şəxsləri yanına çağırıb onların haradan, nə qədər pay götürdüklərini üzlərinə deməyi tapşırmışdır.
Son aylar ölkənin büdcənin dolmaması iqtidarı qaçaqmalçılığa və korrupsiyaya qarşı kəskin tədbirlər görməyə məcbur etmiş və ilkin nəticələr uğurlu olmuşdur. Gömrükxanalarda nəzarətin gücləndirilməsi sayəsində 6 gün ərzində bir neçə milyon qutu aksizsiz siqaret aşkar olunmuş, 38 fakt üzrə cinayət işi qaldırılmışdır. Dövlət büdcəsinə 10 gün ərzində tütün məmulatı satışından 32 min lari daxil olmuşdur.
Qaçaqmalçılığa və korrupsiyaya qarşı mübarizə üzrə dövlət komissiyasının ilk iclasında son iki həftə ərzində aparılmış yoxlamalara yekun vurulmuş, bu işlərin daha da genişləndirilməsi tapşırılmış, pozuntuların çox olduğu sahələrə nəzarəti gücləndirmək qərara alınmışdır.