CƏMİYYƏT
Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri soydaşlarımızı Novruz bayramı münasibətilə təbrik etmişdir
Tbilisi, 18 mart (AZƏRTAC). Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili Novruz bayramı ərəfəsində azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayonundakı Sadaxlı və Bolnisi rayonundakı Arıxlı kəndlərində yerli əhali ilə görüşmüş, onları Novruz bayramı münasibətilə təbrik etmişdir.
Görüş Gürcüstan Azərbaycanlı Qadınlar İttifaqının təşəbbüsü ilə təşkil olunmuşdur.
P.Zakareişvili demişdir ki, Gürcüstanda yaşayan azərbaycanlılar dövlətçiliyimizin möhkəmləndirilməsində həmişə gürcü xalqı ilə birlikdə olmuş, Abxaziya və Cənubi Osetiya münaqişələri zamanı azərbaycanlılar sabitliyin və əmin-amanlığın bərqərar olmasına çalışmışlar. Dövlət naziri demişdir ki, Gürcüstanın çoxəsrlik tarixi boyu əvəzolunmaz dostu vardırsa, o da Azərbaycandır. Əvvəllər olduğu kimi, bu gün də Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf edir.
Görüşdə soydaşlarımızı narahat edən məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.
Dövlət nazirliyinin məsul əməkdaşı Savalan Mirzəyev görüşdə iştirak etmişdir.
Sonda Gürcüstanın Azərbaycanlı Qadınlar İttifaqının sədri Leyla Süleymanova təşəbbüsü dəstəklədiyinə görə nazirə görüş iştirakçıları adından minnətdarlığını bildirmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi