Handpan ifaçısı: İfa etdiyim melodiyaları ərş adlandırıram VİDEO
Bakı, 8 may, AZƏRTAC
Handpan 2000-ci illərin musiqi alətidir, yeni nəsil alət sayılır. Ona görə indi-indi tanınmağa başlayır.
Bunu AZƏRTAC-a açıqlamasında ritm ifaçısı Elrein Aman söyləyib. O, ilk dəfə alətlə 2018-2019-cu illərdə tanış olduğunu, qeyd edərək deyib: “Handpanı “YouTube” platforması üzərindən gördüm. İki xanım həm DJ idi, həm də handpan ifa edirdilər. Musiqi aləti ilə bu cür tanış oldum, sonra isə marağım yarandı. Mən ümumiyyətlə handpanda ifa etdiyim melodiyaları ərş, yəni Tanrı qatında bir yer adlandırıram. Çünki alətlə musiqi ifa edəndə özümü oralarda hiss edirəm. Handpan ifa edərkən əsas hisslər və duyğular önəmlidir. Bunlar olmazsa, həmin aləti ifa etmək o qədər də effektli olmaz, ifaçı qarşı tərəfə emosiyaları ötürə bilməz. Burada təbii ki, texnika da önəmlidir. Uğurlu bir ifa üçün hər iki amil böyük rol oynayır.
Handpan dinləyicini sakitləşdirən, dərin düşüncəyə aparan musiqi alətidir. Tək handpan deyil, digər ritm alətləri, pianino da terapiya məqsədilə istifadə edilə bilər. Lakin handpanın terapiyaya böyük bir qatqısı var. İnsanlar onu dinləyəndə rahatlıq tapırlar”.
E.Aman onun handpan ifa etməsi üçün məkan fərqi olmadığını, qapalı, açıq məkanlarda, təbiət qoynunda da qəlbinin duyğularını melodiyaya çevirə bildiyini qeyd edib.
“Handpan improvizə alətidir. Barmaqlarımızın hansı ritm üzərində hərəkət etməsi əvvəldən planlanmır. Lakin elə bir tədbir olur ki, biz ifa edəcəyimiz musiqini planlamalı oluruq. Hər ikisində ruhun dərinliklərinə enə bilirik, lakin improvizə təbii ki, daha yaxşıdır.
Handpan ifası zamanı yerli vətəndaşlar sadəcə maraqlı alətdir deyib keçirlər. Xarici vətəndaşlar isə ən azından ifamızı dinləyirlər. Düşünürəm ki, bu zamanla əlaqəlidir. Hələ ki, yeni alətə hazır deyilik. Hazır olanda yerli vətəndaşlar handpanın da gözəl musiqi aləti olduğunun fərqinə varacaqlar. Qeyd edim ki, alətdə ifa edən zamanı yerli vətəndaşlardan yaxşı reaksiyalar da alıram”.
E.Aman AZƏRTAC üçün özəl olaraq musiqi də ifa edib.