“Hazırcavablar” intellektual teleoyununun növbəti qalibi 76 nömrəli məktəbin komandası olub
Bakı, 23 aprel, AZƏRTAC
Paytaxt məktəblilərindən ibarət komandalar arasında “Hazırcavablar” intellektual teleoyunu keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, bu qurumun tabeliyindəki 70 nömrəli məktəb-liseyin və 76, 95, 121 nömrəli tam orta məktəblərin komandaları “Hazırcavablar” intellektual teleoyununda yarışıb. Məktəblilər “Azərbaycan dili”, “Tarix”, “İdman”, “Ordan-burdan” və digər bölmələr üzrə sualları cavablandırıblar.
İntellektual teleoyunun nəticələrinə əsasən, 76 nömrəli tam orta məktəbin komandası qalib gəlib.
“Hazırcavablar” intellektual teleoyunu BŞTİ və AzTV-nin birgə həftəlik telelayihəsidir. İntellektual teleoyunda BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar iştirak edir.
Layihənin əsas məqsədi məktəblilərin intellektual səviyyəsini və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdir. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onların fənlərə marağını yüksəltmək, yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmasını təmin etmək də layihənin əsas hədəfidir.