DÜNYA
Hepatit C-yə təsir edən ilk vaksin hazırlanmışdır
Bakı, 9 yanvar (AZƏRTAC). Britaniyanın Oksford Universitetinin alimləri 41 könüllü üzərində hepatit C-yə qarşı hazırladıqları vaksini sınaqdan keçirərək müsbət nəticəyə nail olmuşlar.
Mütəxəssislər bildirmişlər ki, virus mütəmadi olaraq formasını dəyişdiyinə görə, indiyədək belə vaksini hazırlamaq çətin olmuşdur. Məlumdur ki, insan uzun illər ərzində hətta heç şübhələnmədən hepatit C virusu ilə yaşaya bilər. Bu müddət ərzində isə insanın qaraciyəri demək olar ki, tamamilə sıradan çıxır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada orqanizmə qanla keçən hepatitdən 170 milyon insan əziyyət çəkir. Bu yaxınlaradək virusa yalnız dərmanlar vasitəsilə nəzarət olunsa da, xəstəliyi müalicə etmək mümkün olmamışdır.
AZƏRTAC xəbər verir ki, britaniyalı mütəxəssislər bu dəfə virusun üstünə deyil, daxili strukturuna təsir etməyi qərara almışlar. Professor Pol Klenerman bildirmişdir ki, virusun əsas hissəsi məhz daxildə yerləşir. Biz hepatit C-nin genetik materialından istifadə etməklə qrip virusunun şəklini dəyişdirmişik. Beləliklə, immun sisteminin hepatitə hücum etməsinə belə nail olunmuşdur.
Eksperiment göstərmişdir ki, vaksin ciddi əlavə təsirlər yaratmadan, minimum bir il ərzində aktiv qalan güclü immun cavabının yaranmasına təhrik edir. Bu nəticə sınağın ikinci hissəsinə keçməyə imkan verir. Alimlər vaksini yaxın vaxtlarda hepatit C virusuna yoluxma riski qrupunda olan adamlara təqdim etməyə hazırlaşırlar.