Hesablama Palatasının Təlim Mərkəzində Maliyyə uçotu F3 üzrə təlimlərə başlanılıb
Bakı, 1 iyun, AZƏRTAC
Hesablama Palatasının əməkdaşlarının beynəlxalq səviyyədə rəqabətqabiliyyətli biliklərə sahib olmasını, həmçinin, praktik bacarıqlarının daha da təkmilləşdirilməsini təmin etmək məqsədilə Maliyyə uçotu F3 (Financial Accounting) İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası - ACCA (The Association of Chartered Certified Accountants) kvalifikasiyasının “Fundamentals Knowledge” üzrə təlimlərə başlanılıb.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Maliyyə uçotu proqramı üzrə təlimlərin 4 ay müddətində davam etməsi nəzərdə tutulur. Təlimlərdə maliyyə hesabatlarının hazırlanması və təhlili, maliyyə əməliyyatlarının keyfiyyət göstəriciləri, əməliyyatların qeydiyyatı və sair üzrə mövzular tədris olunacaq. Təlimin sonunda əməkdaşlar ACCA-in rəsmi imtahanlarından uğurla keçərək yüksək dərəcəli beynəlxalq sertifikat əldə etmək imkanı qazanacaqlar. Daha sonra F7 (Maliyyə Hesabatları) və “Diploma in International Financial Reporting” (DipIFR) beynəlxalq maliyyə və mühasibat uçotu ilə bağlı diplomun verilməsi ilə nəticələnəcək təlimlərin keçirilməsi, həmçinin “CFA-Chartered Financial Analyst” (maliyyə analizi və investisiya sahəsi) üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur.