MƏDƏNİYYƏT
HEYDƏR ƏLİYEV ADINA TBİLİSİ DÖVLƏT AZƏRBAYCAN DRAM TEATRINDA YENİ TAMAŞA TƏQDİM OLUNMUŞDUR
Bakı, 10 mart (AZƏRTAC). Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrında “Didro” tamaşası teatrsevərlərə təqdim olunmuşdur.
Yeni tamaşa gürcü yazıçısı Nodar Dumbadzenin “Əbədiyyət qanunu” və “Didro” əsərləri əsasında hazırlanmışdır. Tamaşanın quruluşçu rejissorları Turqay Vəlizadə və Aslan Məmmədovdur.
Teatrın direktoru Qoça Kapanadze bildirmişdir ki, tamaşa gənc rejissorların təşəbbüsü ilə səhnələşdirilmişdir. Əsərdə yalnız iki aktyor oynayır. Tamaşa maraqlı süjet üzərində qurulmuşdur. Əsərdə sadə adamların həyatı təsvir olunmuşdur. Onların sevgisi hər ikisini bir olmağa səsləyir. Tək adam heç nə edə bilməz. “Əgər biz bir olmasaq, dünya məhv olar” - əsər bu fikir üzərində qurulmuşdur.
Bu mövsümdə teatr üç tamaşa hazırlamışdır. Bir həftədən sonra yeni bir tamaşanın da təqdimatı olacaqdır. Teatrın texniki imkanları çox məhduddur. Burada hələlik 14 aktyor çalışır. Eyni zamanda, teatrın nəzdində studiya yaradılmışdır. Studiyada 10 nəfər gənc aktyor məşğul olur. Gələcəkdə onlar aktyorların sıralarına qatılacaqlar. Təcrübəli incəsənət işçisi Hidayət Hüseynov gənclərə aktyorluq sənətinin sirlərini öyrədir.
Teatr hazırladığı əsərləri Azərbaycanda da göstərmək niyyətindədir.