Heydər Əliyev: dahi xilaskar və dövlət qurucusu
Bakı, 10 may, AZƏRTAC
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin tarixində müstəsna yeri var. Azərbaycanın müstəqilliyinin bərpasından sonra ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, eləcə də beynəlxalq təşkilatlarda təmsil olunmasında və xarici ölkələrlə əlaqələrin qurulmasında əsaslı dönüş yaranıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən “Heydər Əliyev: dahi xilaskar və dövlət qurucusu” mövzusunda tədbirdə səslənib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
“Heydər Əliyev və Ordu quruculuğu” mövzusunda məruzə ilə çıxış edən muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə bildirib ki, Azərbaycanın ən yeni tarixinin 30 ildən artıq bir dövrü dövlət idarəçiliyində zəngin təcrübəsi olan əvəzsiz şəxsiyyət, görkəmli siyasi xadim, ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bu fenomen şəxsiyyətin sovet siyasi sistemində hakimiyyətə gəlişi milli ideologiyanın və şüurun oyanmasına əvəzsiz töhfə verib. Məhz ümummilli lider Heydər Əliyevin sovet dövründə ölkəmizə müdrik rəhbərliyi nəticəsində Azərbaycan qısa müddətdə geridə qalmış aqrar ölkədən mühüm sənaye respublikasına çevrilib. Uzaqgörən, dahi şəxsiyyət Heydər Əliyev parlaq zəkası, zəngin dövlətçilik təcrübəsi sayəsində Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb, dövlət müstəqilliyimizi əbədi və dönməz edib.
Sonra tədbirdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.
Tədbirdə muzeyin baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılovun “Heydər Əliyev çağdaş Azərbaycan dövlətçiliyinin banisidir” mövzusunda məruzəsi dinlənilib.
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin zabiti, polkovnik-leytenant Emin Səfərov və digər çıxış edənlər də Azərbaycan Respublikasının bütün sahələrində, xüsusilə Ordu quruculuğu, sosial, iqtisadi-siyasi, dövlətçilik məsələlərində ulu öndər Heydər Əliyevin rolundan danışıblar.