MƏDƏNİYYƏT
“HEYDƏR ƏLİYEV” FİLMİNİN YEDDİNCİ HİSSƏSİ- “BİR HƏSƏDİN TARİXİ” DAHA BİR MÜKAFATA, AVRASİYA TELEFORUMUNUN “QRAN-PRİ” MÜKAFATINA LAYİQ GÖRÜLMÜŞDÜR
“Heydər Əliyev” ümumi adı altında birləşdirilmiş sənədli filmlər silsiləsinin 7-ci hissəsi olan “Bir həsədin tarixi” filmi Moskvada yenicə başa çatan 5-ci yubiley Teleforumunun baş mükafatına - “Qran-pri”yə layiq görülmüşdür.
Filmin müəllifi - tanınmış Azərbaycan kinorejisssoru, Avropa Kino və Televiziya Akademiyasının üzvü, respublika mədəniyyət nazirinin müavini Vaqif Mustafayev dövlətimizin başçısının maraqlı hadisələrlə zəngin həyatına və çoxşaxəli siyasi fəaliyyətinə ilk dəfə müraciət etmir. Bu görkəmli sənətkarın Prezidentimiz haqqında çəkdiyi parlaq və dərin məzmunlu filmlər hamıya yaxşı tanışdır. Xatırladaq ki, 2001-ci ildə keçirilmiş 4-cü Teleforumda da “Heydər Əliyev: Əsl məhəbbət haqqında” filmi bu çox nüfuzlu televiziya müsabiqəsinin baş mükafatını qazanmışdı. Bu yaxınlarda isə “Bir həsədin tarixi” filmi Yekaterinburqda keçirilmiş 13-cü sənədli kino festivalının əsas mükafatlarından birinə, münsiflər heyətinin “Dünyanın qüdrətli şəxsiyyətlərinin inandırıcı və parlaq portretinə görə” xüsusi mükafatına layiq görülmüşdür. Bu, Heydər Əliyevin şəxsiyyətinə Rusiyada da çox böyük maraq göstərildiyinə, onun SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi dövrü yaxşı xatırladıqlarına daha bir sübutdur.
V.Mustafayevin yeni filmi bu qeyri-adi ekran əsərinə baxanların hamısının diqqətini cəlb etmiş və dərin marağına səbəb olmuşdur. Film böyük maraqla qarşılanmış və ən ciddi iş hesab edilmişdir.
Təsadüfi deyil ki, Teleforumun münsiflər heyətinin sədri, televiziyanın korifeylərindən biri, ssenarist və teleaparıcı Lev Nikolayev festivalın bağlanışında Vaqif Mustafayevin filmini təqdim edərkən bildirmişdir ki, o, müsabiqəyə təqdim olunmuş bütün digər filmlər arasında ən ciddi və siyasi cəhətdən hadisələrlə zəngin əsərdir və buna görə də münsiflər heyəti onu yekdilliklə Teleforumun ən yüksək mükafatına layiq görmüşdür. Lev Nikolayev öz təəssüratını jurnalistlərlə bölüşərək demişdir: “Mən lap əvvəldən əmin idim ki, bu film əsas mükafatlardan birini almalıdır. Münsiflər heyəti Teleforuma təqdim edilən bütün filmlərə diqqətlə baxdıqdan sonra məhz ona üstünlük verdi. Hesab edirəm ki, bu, film tam bir silsilə filmlərin başlanğıcı olmalıdır, çünki o, ümumi tariximizin müəyyən dövründən bəhs edir. Bu film zamanı, əməlləri dərk etmək üçün yaxşı fürsətdir. O, həm də xeyirxah hisslər aşılayan filmdir, onda kin-kudurət yoxdur, onun qəhrəmanları ötən günləri kədərlə xatırlayırlar. Tamaşaçıda da məhz bu cəhət rəğbət hissi doğurmalıdır”.
Vaqif Mustafayevə təqdim edilən mükafatın özü də çox diqqəti cəlb edir, o, Zurab Seretelinin məşhur I Pyotr heykəlinin tuncdan hazırlamış surətidir.
Mükafatların təqdim edilməsi mərasimi başa çatdıqdan sonra filmin müəllifi Vaqif Mustafayev AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, “Azərbaycan Prezidenti Heydər Əliyev haqqında ekran əsərinin belə mötəbər forumda yüksək qiymətləndirilməsi ölkəmiz üçün böyük hadisədir. Teleforumun baş mükafatını filmin özü deyil, möhtərəm Heydər Əliyevin şəxsiyyəti, ona göstərilən böyük maraq qazanmışdır. Filmdə iki şəxs - Prezident Heydər Əliyev və Mixail Qorbaçov təqdim edilmişdir. Rusiya Heydər Əliyevi dəstəklədi, Qorbaçovu isə yox. Bu, bir azərbaycanlı kimi mənim üçün çox fərəhli faktdır. Şadam ki, bizim belə dahi Prezidentimiz var”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva