HEYDƏR ƏLİYEV MƏKTƏBLİLƏRİN GÖZÜ İLƏ
AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi münasibətilə “Təhsil” poliqrafiya-nəşriyyat MMC-də “Heydər Əliyev məktəblilərin gözü ilə” kitabı çapdan çıxmışdır.
Kitabda Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının məktəblilər arasında birlikdə keçirdikləri “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” inşa yazı müsabiqəsinin final mərhələsində iştirak etmiş şagirdlərin yazı işləri toplanmışdır.
Təhsil naziri Misir Mərdanov kitaba “Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir” adlı giriş sozü yazmışdır. Azərbaycanın təhsil ictimaiyyətinə təqdim olunan bu kitabda toplanan materiallarla ilkin tanışlıq göstərir ki, məktəblilərimiz ulu öndər Heydər Əliyevin hamıya örnək olan həyat yolunun, çoxları üçün əlçatmaz zirvə sayılan titanik dövlətçilik fəaliyyətinin müxtəlif məqamlarına, tarixi mərhələlərinə dair öz fikir və düşüncələrini uşaq təbiətinə xas olan səmimi, bəzən də çılğın hisslərlə, ümummilli liderimizə dərin hörmət, sonsuz ehtiram, ülvi məhəbbət duyğuları ilə dolğun şəkildə ifadə etmişlər.
İnşa yazı müsabiqəsi artıq ikinci dəfədir ki, keçirilir. Bu dəfəki olimpiadanın məktəb, rayon, şəhər mərhələsində respublikamızın ümumtəhsil, texniki peşə məktəbləri və liseylərinin 7-11-ci siniflərinin 800 mindən artıq şagirdi iştirak etmişdir. Birinci mərhələdə qalib olmuş ən yaxşı inşa yazıları rayon, şəhər turuna vəsiqə almış, burada seçilmiş yazı işləri isə respublika mərhələsinə göndərilmişdir. Bakıdakı Heydər Əliyev adına liseydə keçirilən yekun mərhələsində 126 nəfər iştirak etmişdir.
Yekun mərhələnin iştirakçılarının inşa yazılarının mətni, şagirdlərin rəngli şəkilləri bir yerə toplanaraq nəfis tərtib olunmuş və “Heydər Əliyev məktəblilərin gözü ilə” kitabında öz əksini tapmışdır. Kitaba Naxçıvan MR-də keçirilmiş müsabiqədə qalib gəlmiş 10 şagirdin inşa yazıları da daxil edilmişdir.
######
