SİYASƏT
Heydər Əliyev Mərkəzində Bakı Beynəlxalq Humanitar Forumunun plenar iclasının ikinci hissəsi başlamışdır
Bakı, 4 oktyabr (AZƏRTAC). Oktyabrın 4-də Heydər Əliyev Mərkəzində öz işinə başlayan Bakı Beynəlxalq Humanitar Forumu davam edir.
AZƏRTAC xəbər verir ki, forumun plenar iclasının ikinci hissəsi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovun sədrliyi ilə keçirilir.
Forumun əhəmiyyətindən danışan Akademiyanın prezidenti, belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulamışdır. M.Kərimov hər bir cəmiyyətin formalaşmasında elmin, təhsilin rolunun böyük olduğunu diqqətə çatdırmışdır.
İclasda çıxış edən kimya üzrə Nobel mükafatı laureatı Əhməd Zevail bu gün tərəfdaşlığa yeni yanaşmanın həyata keçirilməsinin vacibliyini bildirmiş, bunun dünyanın vacib rəmzlərindən birinə çevrilməsinin əhəmiyyətini vurğulamışdır. O qeyd etmişdir ki, bu gün dünyada təhsilin səviyyəsinin artırılması çox vacib bir məsələdir. Nobel mükafatı laureatı, həmçinin müsəlman aləmində elmin və təhsilin daha çox prioritetə çevrilməsinin vacibliyini vurğulamışdır. O, müsəlman aləminin gözəl keçmişə sahib olduğunu və bu keçmişi elm və təhsillə bərpa etməyin mümkünlüyünü bildirmişdir. Əhməd Zevail bu istiqamətdə Azərbaycanın çox böyük işlər görüldüyünü demiş, bir çox ölkələrin də əl-ələ verərək müsəlman aləmini mövhumatdan xilas etməyə çalışmasını tövsiyə etmişdir.
İclasda Nobel mükafatı laureatları Kennet Cozef Arrou, Rudolf Artur Markus, Robbet Betts Laflin və başqaları çıxış etmişlər.