HEYDƏR ƏLİYEV ŞƏXSİYYƏTİ FƏRDİ-SUBYEKTİV ÖLÇÜLƏRƏ, BÜTÖVLÜKDƏ İSƏ TARİXƏ, ZAMANA SIĞMIR
AZƏRTAC xəbər verir ki, aprelin 23-də Azərbaycan Milli Elmlər Akademiyasının və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə AMEA-nın rəyasət heyətinin iclas salonunda ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçirilmişdir.
Tədbirdən əvvəl konfrans iştirakçıları Akademiyanın foyesində Heydər Əliyevin 85 illiyinə həsr edilmiş geniş foto və kitab sərgisi ilə tanış olmuşlar.
Heydər Əliyev şəxsiyyətinin fərdi-subyektiv ölçülərə, bütövlükdə isə tarixə, zamana sığmadını deyən AMEA-nın prezidenti, akademik Mahmud Kərimov tədbiri açaraq bildirmişdir ki, Müstəqil Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyev çiyinlərində bütöv bir xalqın varlığını, bütün bəşəri keyfiyyətlərini, dövlətçilik missiyasını daşıyan böyük lider kimi millətimizin xarakterini, milli iradəsini atdığı hər bir addımda əks etdirirdi. O, Azərbaycanın, eləcə də dünyanın siyasət arenasına yeni siyasi mədəniyyət gətirmişdir.
Natiq vurğulamışdır ki, müasir Azərbaycan tarixinin son 50 ilinə nəzər saldıqda orada ulu öndərimizin ölkəmizin gələcəyinə istiqamətlənmiş, onun təşəkkül və davamlı inkişafını təmin edən, intellektual və elmi potensialını nəzərdə tutan, cəmiyyətin həyatına nüfuz etmiş praqmatik siyasətinin təzahürlərini görürük. Aydındır ki, Azərbaycanın müstəqilliyinə yönəldilmiş bu müdrik siyasətin təməli hələ Sovetlər dövründə, ötən əsrin 70-ci illərində ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz həmin illərdə azadlıq idealları, azərbaycançılıq, dövlətçilik dəyərləri xalqımızın şüurunda geniş yer tapmağa başladı. O, fəaliyyətində və siyasətində elmi fikrin ən yeni nailiyyətlərindən faydalanırdı. Respublikamızın rəhbəri olduğu bütün dövrlərdə Azərbaycan elminə göstərdiyi diqqət və qayğı da məhz buradan qaynaqlanırdı. Bu dahi insan elmimizin, ədəbiyyatımızın, mədəniyyətimizin gözəl bilicisi və araşdırıcısı idi. Polad iradəsi, dəmir məntiqi, dərin mənalı nitqi ilə istənilən auditoriyanı özünə cəlb edə bilirdi. Onun keçdiyi yol böyük bir həyat ensiklopediyası idi. Hələ bundan sonra da neçə nəsil bu ensiklopediyanı sətir-sətir öyrənəcək, ondan bəhrələnəcəkdir.
Ulu öndərimizin layiqli davamçısı, Prezident İlham Əliyevin Heydər Əliyev ənənəsinə sadiq qalması sayəsində Azərbaycan elminin dünyaya inteqrasiyasında bir sıra tədbirlər həyata keçirildiyini vurğulayan natiq, dövlətimizin başçısının bu sahədə fərman və sərəncalarının əhəmiyyətini yüksək dəyərləndirmiş, onların icrası ilə əlaqədar görülən işlərdən danışmışdır.
Konfransda Təhsil naziri Misir Mərdanov “Heydər Əliyev və Azərbaycanda təhsil islahatları”, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev “Heydər Əliyev və Azərbaycan mənəviyyatı”, ADPU-nun tarix fakültəsinin dekanı, professor Oqtay Sultanov “Heydər Əliyev və Azərbaycanın praqmatik xarici siyasət kursu” mövzularında məruzə etmişlər.
İstər məruzələrdə, istərsə də İranda nəşr olunan “Varlıq” jurnalının baş redaktoru, məşhur cərrah, türkoloq Cavad Heyətin və başqalarının çıxışlarında Azərbaycanda rəhbər olduğu 35 ildən artıq bir müddətə Heydər Əliyevin ölkəmizdəki təhsil islahatında, xarici və daxili siyasətdə, xalqımızın özünüdərkində rolundan və əvəzsiz xidmətlərindən ətraflı bəhs olunmuşdur.
######
![]() |
![]() |

