HEYDƏR ƏLİYEV SU ANBARINDA ELEKTRİK STANSİYASI TİKİLMİŞDİR
Dekabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Su Anbarına gələrək, burada tikilmiş elektrik stansiyası ilə tanış olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, su anbarında tikilmiş 4,5 meqavat gücündə elektrik stansiyasında 17 nəfər daimi işlə təmin edilmişdir. Şahbuz rayonunun elektrik enerjisi ilə təminatında bu stansiya əsas rol oynayacaqdır.
Prezident İlham Əliyev operator otağında stansiyanı işə saldı.
Burada quraşdırılan avadanlıq Almaniyanın məşhur “Siemens” şirkətindən alınmış, turbinlər isə Fransadan gətirilmişdir. Tikinti-quraşdırma işlərini yerli və türkiyəli mütəxəssislər görmüşlər. Heydər Əliyev Su Anbarı Babək rayonunda Pircivar düzənliyində min hektarlarla torpağı suvarmağa imkan verəcəkdir. Bu payız mövsümündə ilk dəfə olaraq 100 hektar sahədə taxıl səpilmişdir.
Dövlətimizin başçısı inşaatçılara və mütəxəssislərə təşəkkürünü bildirdi, ölkəmizin potensial imkanlarının böyük olduğunu və görülən hər bir işin Azərbaycanın inkişafına xidmət etdiyini söylədi.
X X X
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri davam edir.