“HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA İDARƏETMƏ KADRLARININ HAZIRLANMASININ AKTUAL PROBLEMLƏRİ” MÖVZUSUNDA KONFRANS
Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycanda idarəetmə kadrlarının hazırlanmasının aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin bu ali məktəbdəki büstü önünə əklillər qoymuş və xatirəsini ehtiramla yad etmişlər.
DİA-dan AZƏRTAC-a bildirmişlər ki, akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov ümummilli liderimiz Heydər Əliyevin siyasi irsinin əhəmiyyətindən danışmış, bu irsin dərindən öyrənilməsinin zəruriliyini vurğulamışdır.
Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Heydər Əliyev və Azərbaycanın xarici siyasət konsepsiyası” mövzusunda məruzə etmişdir. Ə.Həsənov xüsusi vurğulamışdır ki, Heydər Əliyev şəxsiyyətinə bütün zamanlarda böyük maraq olmuşdur. Bu səbəbdən də ulu öndərin siyasi irsinin öyrənilməsi vacibdir.
Sonra “Heydər Əliyev və Azərbaycanda idarəetmə kadrlarının hazırlanmasının tarixi-siyasi və hüquqi əsasları”, “Heydər Əliyev və Azərbaycanda idarəetmə kadrlarının hazırlanmasının sosial-iqtisadi və informativ istiqamətləri” mövzuları üzrə bölmə iclasları olmuşdur.