“HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA MİLLİ SİYASƏT” KİTABI ƏRƏB DİLİNDƏ NƏŞR OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Hidayət Orucovun “Heydər Əliyev və Azərbaycanda milli siyasət” kitabı ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi ərəfəsində Səudiyyə Ərəbistanı Krallığında islam işləri, vəqflər, dəvət və irşad nazirinin müşaviri, görkəmli ictimai xadim, siyasi elmlər doktoru Məcid ət-Türkinin tərcümə və ön sözü ilə nəfis tərtibatla nəşr olunmuşdur.
Ön sözdə doktor Məcid ət-Türki kitabı yüksək dəyərləndirərək, Azərbaycanın coğrafi ərazisi, tarixi və üzləşdiyi problemlər barədə oxuculara məlumat verir. Dövlət müstəqilliyi qazandıqdan sonra Azərbaycan torpaqlarının separatçı ermənilər tərəfindən işğala məruz qalması və bu səbəbdən də minlərlə Azərbaycan vətəndaşının həlak olması, yüz minlərlə insanın öz doğma yurd-yuvasından didərgin düşməsi barədə həqiqətləri ərəb ictimaiyyətinə çatdırır.
Əsərdə dünya şöhrətli siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi bioqrafiyasının az işlənmiş, lakin olduqca əhəmiyyətli bir istiqamətindən - milli siyasət sahəsindəki fəaliyyətindən bəhs edilir.
Kitabda, həmçinin ulu öndərimizin ölkəmizə birinci rəhbərliyi dövründə ifrat dərəcədə mərkəzləşdirilmiş sovet rejiminin məhdud imkanlarından məharətlə maksimum istifadə edərək, Azərbaycanda milli şüurun dirçəlişi, ziyalıların, xüsusilə də milli ruhun əsas daşıyıcıları olan humanitar ziyalıların repressiya və təzyiqlərdən qorunması, mədəniyyətin, elmin, təhsilin inkişaf etdirilməsi, zəngin milli irsin qorunub saxlanılması, dövlət idarəçiliyinin bütün sahələrində milli kadrların xüsusi çəkisinin artırılması sahəsində gördüyü işlər müstəqil Azərbaycanda həyata keçirilən çoxcəhətli və genişmiqyaslı siyasət üçün tarixi bir zəmin kimi qiymətləndirilir. Bu siyasətin milli müstəqillik konsepsiyası və praktikası, demokratik Azərbaycan cəmiyyətinin dünyaya inteqrasiya prosesi araşdırılır.
Bundan əvvəl rus, ingilis, gürcü və başqa dillərə tərcümə olunmuş əsərin ərəb dili nəşrində diqqəti çəkən əsas məqamlarından biri də kitaba Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkədə həyata keçirdiyi din siyasəti ilə bağlı yeni fəslin daxil edilməsidir. Bu fəsildə ulu öndərimizin dini etiqad azadlığının təmin olunması, milli mənəvi dəyərlərimizin qorunması, tarixi, dini abidələrimizin bərpası və dini dözümlülük ənənəsinin möhkəmləndirilməsi sahəsindəki xidmətlərindən geniş söhbət açılır.
Siyasi-fəlsəfi publisistika üslubunda yazılmış kitabın yüksək peşəkarlıqla tərcümə edilərək ərəb dilində çap olunması ulu öndərimizin titanik fəaliyyətinin və Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə, xüsusilə ərəb dünyasında yayılması baxımından da əhəmiyyət kəsb edir.
######
