“HEYDƏR ƏLİYEV VƏ MÜSTƏQİL AZƏRBAYCAN” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
Tədbirin iştirakçıları əvvəlcə foyedə təşkil edilmiş rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.
Konfransda YAP Qax rayon təşkilatı sədrinin müavini Məmməd Xasıyev görkəmli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinin nəinki Azərbaycanda, eləcə də dünyanın əksər ölkələrində böyük sevgi və məhəbbətlə qeyd olunduğunu bildirmiş, ulu öndərin əziz xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini xüsusi vurğulamışdır.
Tədbirdə “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradıcısıdır” və “Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti” mövzularında məruzələr dinlənilmiş, çıxışlar olmuşdur.
Məruzə və çıxışlarda ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli ömür yolu barədə danışılmış, ulu öndərin müstəqil Azərbaycanın çiçəklənməsi və qüdrətli dövlətə çevrilməsi üçün göstərdiyi şücaətlərdən, verdiyi töhfələrdən geniş bəhs edilmişdir.
Konfransın sonunda YAP Qax rayon təşkilatının təşəbbüsü ilə keçirilmiş “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda inşa yazı, şeir, rəsm və əl işləri müsabiqəsinin 16 nəfər qalibinə rayon təşkilatının diplom və qiymətli hədiyyələri, habelə partiya sıralarına yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunmuşdur.