“Heydər Əliyev və muzeylərimiz” mövzusunda dəyirmi masa təşkil olunub
Bakı, 20 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Suraxanı rayon Heydər Əliyev Mərkəzində Beynəlxalq Muzeylər Günü ilə əlaqədar “Heydər Əliyev və muzeylərimiz” mövzusunda dəyirmi masa təşkil edilib.
Baş İdarədən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə qeyd edilib ki, Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü bütün dünyada hər il geniş qeyd edilir. Hər il müxtəlif devizlərlə keçirilən bu bayram muzey əməkdaşlarını birləşdirir, ictimaiyyətin diqqətini muzeylərə cəlb edir. Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, Azərbaycana rəhbərliyi dövründə mədəniyyətə, incəsənətə xüsusi diqqət və qayğı göstərib. Məhz onun rəhbərliyi dövründə respublikamızda muzey işində yeni mərhələnin əsası qoyulub.