REGİONLAR
Heydər Əliyevin Milli Qurtuluş fəlsəfəsi Azərbaycanın mövcudluğunu, onun əbədi müstəqilliyini təmin etdi
Ağcabədi, 14 iyun, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin Milli Qurtuluş fəlsəfəsi Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyinin əbədiliyini təmin etdi, milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Ağcabədi Rayon Gənclər və İdman İdarəsi və Ağcabədi Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə keçirilən 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş konfransda səsləndirilib. Tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, dahi rəhbərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Pedaqoji Kollecin direktoru Mirələm İbrahimli və Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov əlamətdar gün münasibətilə konfrans iştirakçılarını təbrik edib, Milli Qurtuluş Gününün tariximizdə yeri və rolundan danışıblar. Bildirilib ki, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi yazıldı.