“İdeyadan başlanğıca” devizi altında növbəti təlim təşkil olunub
Naxçıvan, 22 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə əlaqədar “İdeyadan başlanğıca” devizi altında növbəti təlim təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi ilə Naxçıvan Dövlət Universitetinin birgə keçirdiyi tədbirdə universitetin prorektoru Rafiq Rəhimov sərəncamın əhəmiyyətindən, hami təşkilatlar və təhsil müəssisələri arasında əlaqələrin genişlənməsindən, hamiliklə bağlı görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb, keçirilən təlimlərin əhəmiyyətini vurğulayıb.
Sonra Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarovanın “İdeyadan başlanğıca” mövzusunda təqdimatı dinlənilib. O, tələbələrə innovativ layihələrin işlənib hazırlanması, əsaslandırılması, təqdim olunması, müxtəlif modellərlə layihələrin təhlili, möhkəmləndirilməsi və inkişaf etdirilməsi haqqında məlumat verib.
Tələbələr tərəfindən irəli sürülən bir sıra ideyalarla bağlı geniş müzakirələr aparılıb. Müzakirələrdə fəal iştirak edən 4 tələbə Maliyyə Tədris Mərkəzi tərəfindən keçiriləcək “Kargüzarlıq işinin aparılması” adlı təlimdə iştirak etmək hüququ qazanıb və onlara “Hədiyyə sertifikatı” təqdim olunub.